Bu gün işğaldan azad olunmuş ərazilərdə geniş yenidənqurma işləri aparılır. Yaxın 3 il ərzində hökumət bu ərazilərə 66 min sakinin köçürülməsini hədəfləyib. Yay ayında isə Laçın rayonuna köç başlayacaq. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, bu istiqamətdə işlər nəzərdə tutulduğundan tez yekunlaşıb: “Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük. Əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik”.
Qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlərin getdiyini vurğulayan Azərbaycan Prezidenti deyib ki, o kəndlərə keçmiş köçkünlər ilin sonuna qədər qaytarılacaq.
İşğaldan azad olunmuş ərazilərdə əhalinin təhlükəsizliyinin və məşğulluğunun təmin olunması istiqamətində atılan addımlarla bağlı bizimlə fikirlərini bölüşən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, sözügedən ərazilərdə aparılan yenidənqurma, quruculuq işlərinin əhatə dairəsi gündən-günə genişləndirilir: “Hazırda Böyük Qayıdış planına uyğun olaraq yolların tikintisi, kommunikasiya xətlərinin çəkilməsi, Beynəlxalq Hava Limanlarının inşası, yeni elektrik stansiyalarının istifadəyə verilməsi, ağıllı kəndlərin qurulması prosesi sürətlə gedir. Bu isə onu deməyə əsas verir ki, keçmiş məcburi köçkünlər tez biz zamanda, nəzərdə tutulduğundan əvvəl öz ata-baba yurdlarına qayıda biləcəklər. Artıq Qarabağın, eləcə də Şərqi Zəngəzurun bərpası ilə bağlı çoxsaylı yaddaqalan layihələrə imza atılıb. Bununla paralel olaraq işğaldan azad olunmuş ərazilər minalardan təmizlənir, yeni evlər, sosial obyektlər tikilir, yollar çəkilir, tarixi Azərbaycan torpaqları addım-addım öz əvvəlki dinc həyatına qayıdır. Keçən il yayda Zəngilanın Ağalı kəndinə məcburi köçkünlərin ilk köçü baş tutdu. Ağalıda tətbiq olunan ağıllı kənd layihəsi digər ərazilərdə də həyata keçiriləcəkdir və artıq Füzulidə bununla bağlı işlərə başlanılıbdır. Bütün işlər, həyata keçirilən tədbirlər Azərbaycan Prezidenti, cənab İlham Əliyevin nəzarəti, çox hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə reallaşdırılır. Məlum olduğu kimi, artıq Füzuli və Zəngilan rayonlarında beynəlxalq əhəmiyyətli hava limanları tikilib istifadəyə verilib, Laçın rayonunda da bu tipli limanın tikintisi davam etdirilir. Yüz kilometrlərlə müasir tipli avtomobil, dəmir yolları çəkilib, tunellər qazılıb, körpülər salınıb və s. Məktəblərin, xəstəxanaların tikilib istifadəyə verilməsi diqqət mərkəzindədir.
Artıq bu gün Şuşa müasir şəhər görkəmindədir, Laçında, Ağdamda tikinti işləri sürətlə gedir, Füzulinin Dövlətyarlı kəndində isə ağıllı kənd layihəsinin həyata keçirilməsi planlaşdırılır. Burada yarımstansiya və rəqəmsal idarəetmə mərkəzi tikilib istifadəyə verilib. Digər tərəfdən, qonşu ölkələr də azad olumuş ərazilərin yenidən qurulmasına öz tövhələrini verməkdədirlər. Belə ki, Özbəkistan dövləti Füzulidə yeni orta məktəb binasının tikintisini, Qazaxıstan isə Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisini həyata keçirəcək. Bütövlükdə Füzulidə görüləcək işlərin əhatəsi genişdir. Buraya 21 593 nəfər, o cümlədən Füzuli şəhərinə 8000 nəfər əhalinin köçürülməsi planlaşdırılır. Bu ərazilərdə insanların təhlükəsizliyi və məşğulluğunun təmin olunması üçün bütün infrastruktur layihələri ön plana çəkilib və işlər əsaslanlandırılmış qrafikə uyğun aparılmaqdadır. Sözsüz ki, bu işlərin həyata keçirilməsi Azərbaycanın iqtisadi qüdrəti, xalqın məhəbbəti, qayğısı sayəsində mümkündür. Və Azərbaycanın iqtisadi inkişafı göstərir ki, həmin tədbirlər vaxtında, yüksək keyfiyyətlə həyata keçiriləcək”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan hökuməti öz ata-baba yurdlarına qayıdacaq insanların həm təhlükəsizliyinə, həm də məşğulluq məsələsinə həssaslıqla yanaşır: “Bu gün Azərbaycanın suveren ərazisi rəşadətli ordumuz tərəfindən yüksək səviyyədə qorunmaqdadır. Bu da təbii ki, köçürüləcək insanların təhlükəsi ilə bağlı olan narahatlıqları aradan qaldırır. Digər bir tərəfdən köçürüləcək insanlarla bağlı dövlət tərəfindən proqram qəbul edilib. Həmin proqrama əsasən iqtisadiyyatın müxtəlif sektorları, o cümlədən aqrar sahə inkişaf etdiriləcək. Bununla bağlı artıq yeni, ilkin mərhələdə olan işlər görülüb. Yəni azad olunmuş ərazilərdə həm kənd təsərrüfatının, həm sənayenin, həm turizmin inkişafı, eyni zamanda, aqroparkların salınması ilə bağlı ciddi işlər görülür. Bütün bunlar keçmiş məcburi köçkünlərin həm məşğuliyyət problemini həll edəcək, həm də dayanıqlı və sosial müdafiəni təmin edəcək”.